Təqvim
Mətbuat Şurasında şikayətlərə baxıldı
09 dekabr 2020 - 16:53

Mətbuat Şurasında şikayətlərə baxıldı

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. M.Ələsgərli əlavə edib ki, ölkədə karantin rejiminin şərtlərini və pandemiya ilə bağlı durumu nəzərə alaraq, bölgələrdən verilən şikayətlərin onlayn qaydada dinlənilməsinə qərar verilib.

 

Komissiya ilk olaraq Abşeron rayonu 1 saylı məktəbin direktor əvəzi Çinarə Atayevanın “Rubrika.az” xəbər saytına qarşı şikayətini araşdırıb. Komissiya sədri “Rubrika.az” xəbər saytında dərc edilən yazı və saytın baş redaktoru Nicat Mahmudovun müraciəti ilə bağlı məlumat verib. Qeyd edilib ki, N.Mahmudov səhhətində yaranmış problemlər və müalicə prosedurları ilə bağlı iclasa qatıla bilməyib, amma MŞ katibliyi ilə müzakirələr apararaq mövqeyini çatdırıb. Mahmudov bildirib ki, Çinarə Atayevanın fəaliyyətini tənqid edən material vətəndaşların yazılı müraciəti - şikayət məktubu əsasında hazırlanıb. Amma material ətrafında mübahisələr yaranandan sonra şikayətçi öz mövqeyindən çəkilib. Bunu nəzərə alaraq, narazılıq doğuran material saytdan çıxrılıb. Komissiya üzvləri materialın araşdırılması zamanı müəyyən ediblər ki, dərc edilmiş material birtərəfli qaydada, qarşı tərəfin mövqeyi öyrənilmədən dərc edilib. Həmçinin materialda sübutlarla əsaslandırılmamış, etibarlılığı mübahisə doğuran faktlar yerləşdirilib ki, onların araşdırılıb dəqiqləşdirilməsi üçün cəhd göstərilməyib. Beləliklə, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci və 2-ci prinsipləri pozulub. Komissiya “Rubrika.az” xəbər saytına iradların nəzərə alınmasını, fəaliyyətində AJPDQ-nın prinsiplərinə sayğılı yanaşmanın nəzərə almasının zəruriliyini bildirmişdir.

 

Ağsu rayonu Kalva kəndinin sakini Oraz Kazımovun “İfadə TV” və onun əməkdaşına qarşı şikayətinin araşdırılması zamanı da bənzər qüsurlar müəyyən edilib. Komissiya müəyyən edib ki, “İfadə TV”–də Oraz Kazimov barəsində dərc edilmiş materialda ağır ittihamlar yer tutsa da, qarşı tərəfin mövqeyi öyrənilməyib, faktların araşdırılıb dəqiqləşdirilməsi üçün cəhd göstərilməyib. Beləliklə, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci və 2-ci prisipləri pozulub. Komissiya “İfadə TV” xəbər saytına xəbərdarlıq edərək, iradların nəzərə alınmasını, qarşı tərəfin mövqeyinin öyrənilib dərc edilməsinin zəruriliyini bildirmişdir. “İfadə TV”nin təmsilçisi Məmməd Həmidov iradların nəzərə alınacağını, qüsurların aradan qaldırılacağını bildirib.

   

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə