Təqvim
Gülağa Tənha Vətəndən danış
18 iyul 2020 - 13:35

Gəlin belə danışaq, öz aramızda: cənab Prezidentin çıxışından sonra qələm əhlinin və digər, bəzi vətəndaşların içində yaranmış sual həqiqətənmi sualdır ya provakasiyalı yanaşmadır ki, “150 nəfər” sözünün ardında əslində statistik rəqəmin nə qədər olduğunu açıqlayaq?! Bu suala cavab axtaranlar əsgərlikdə olmayiblarmı?...Qarabağ hər bir Vətənini sevən vətəndaşın yaralı yeridir. Generalımızın Şəhid olmasından sonra insanlarımızın meydanlara axışmasının mənası həm də o demək idi ki, döyüşmək üçün yetərincə cəsarətimiz və gücümüz var. “El bir olsa dağ oynadar yerindən!” məsəli olaraq yəni, el istəyərsə bir olabilər və necə deyərlər: bir əmrə bənddir. Çünki xalq təhtəlşüurda illərlə bu itgilərin ağrısıyla yaşayır və ona imkan verilən kimi bu ağrı, açıların əvəzini çıxacaqdır. Metaforla desək: binanın ərsəyə gəlməsi üçün tələsmək olmaz, bütün incəliklər gözdən keçirilməli, hər kəs memarın planına uyğun xidmət etməlidir...  Hər şey sevgidən başlayır! Vətəni sevdirmək üçün isə gərək Vətəndən danışasan.


Canveten.az – saytı xeyriyyəçi – şair Gülağa Tənhanın redaksiya tərəfindən seçilmiş növbəti şeirlərini təqdim edir. 

 

 

İSTƏK
 

Azalsa nəğməsi elə dolaram,
Nəğməyə dönərəm bulaqlar üçün.
Şirin söz olaram, kəlam olaram,
«Hardasan?» soruşan dodaqlar üçün.
Yenə közə dönüb bağrımın başı,
Dişimlə əzərəm qayanı, daşı.
Kaş ola biləydim ilıq göz yaşı
Ömrümə gələsi sabahlar üçün.
Ömrü uzun çəkdi kədərin, qəmin,
Hər ötüşən ilin, hər ötən dəmin.
Kimin yaxasından yapışaq, kimin,
Göynəyən, göynədən qınaqlar üçün?!
Gün gələr, dağılar bu duman, bu çən,
Həsrətin telləri saralar dən-dən…
Piltə eləyərəm ürəyimi mən,
Vətəndə alışan çıraqlar üçün!..
Sinəmə dağ çəkir hər çəkilən ah,
Uğura çıxaram, açılsın sabah…
Tənha gözlərini yol bilir, Allah,
Sevgidən alışan yanaqlar üçün.
Bakı, 24 noyabr, 2005
 
VƏTƏNƏ OĞUL OLAQ
 

Hərə öz evinin qayğısındadı,
Hərə öz qəhrini çəkir il boyu.
Gecədən səhərə dərd əmizdirir,
Ömrünə qəm-kədər əkir il boyu.
Sağ gözdən sol gözə işıq düşməsə,
Sağ göz də itirər nurunu bir gün.
Onsuz da dünyanın bəxti qaradı,
Dönər qaranlığa dünya büsbütün.
Yaxşı oğul ömrü xalqa həsr edər,
Özünə xərcləməz öz gəncliyini.
Oğullar Vətənə oğul olmasa,
Vətən də itirər vətənliyini.
Gəlin, qayğımızla, əməlimizlə,
Silək o gözlərdən axan yaşları.
Səxavət cənnətin bir açarıdır,
Məmməd Araz demiş, Vətən daşları!
İyun, 1992
 

ÇAĞIRIŞÇI GƏNCLƏRƏ
 

Borc ödəmək haqq-saydı…
Ömrünü sevgi adlı
Sehrə bələməlisən,
Köksünü bu torpağa
Səngər eləməlisən;
Dağlar könlünə sirdaş,
Qoru Vətəni, qardaş!
İndi uğur üstəsən,
Bax yanar ocağına.
Yarağın qeyrətindi,
Sığal çək yarağına;
Nə tənti, nə də ki, çaş,
Qoru Vətəni, qardaş!
Qisasa kökləyibdi
Səni heysiyyət, qürur,
Öndə – səngərdi, ancaq
arxada Vətən durur;
Dərələr keç, dağlar aş,
Qoru Vətəni, qardaş!
Gülləyə döndərib get
Düşmənə nifrətini,
Özünə qalxan elə
Vətən məhəbbətini,
Dağlar könlünə sirdaş,
Qoru Vətəni, qardaş!
Oktyabr, 1993

ODLAR DİYARI
 

Sənə and içərək çıxmışıq yola,
Hər igid övladın – alınmaz qala.
Sabahlar açarıq zəfərlər ilə,
Qoymarıq üstünü buludlar ala.
Əlini sıxdıqca haqq-ədalətin,
Çıxdın axırına qəmin, möhnətin.
Babək, Cavanşirdi, Nəbi, Həzidi
sənin oğulların – qəhrəman, mətin.
Sən ana olmusan od ürəklərə,
Sən beşik olmusan saf diləklərə.
Sənə toxunammaz düşmən ayağı,
Yad əli dəyəmməz tər çiçəklərə.
Dünyada əvəzsiz varımsan, Vətən!
Mənim namusumsan, arımsan, Vətən!
Səsin göy üzündən enən deyildir,
«Cəngi»yə köklənmiş tarımsan, Vətən!
Kəlamı fəth edib düşüncələri,
Nizami – dünyanın söz xiridarı…
Sən yoxsan – biz yoxuq,
sən varsan – varıq,
Anam Azərbaycan, Odlar diyarı!
Moskva, noyabr, 1990
 
AZƏRBAYCAN ƏSGƏRİ
 

Dözdük, yetər bu qədər,
Daha bəsdi qəm-kədər.
Göstər kişi hünəri,
Azərbaycan əsgəri!
Bir alınmaz qalasan,
Azərbaycan əsgəri!
Sən qələbə çalarsan,
Azərbaycan əsgəri!
Qeyrət səni səsləyir,
Zəfər səni gözləyir.
Göstər kişi hünəri,
Azərbaycan əsgəri!
Analara bala ol,
Azərbaycan əsgəri!
Düşmənlərə bəla ol,
Azərbaycan əsgəri!
Moskva, Qızıl Meydan,
9 may, 2005
 

 

 

Hazırladı: Ağa Mühəmməd Aman

 

 

 

 

 

 

 

Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə