Təqvim
Beyinin böyüməsi qidalanmadan asılıdır?
04 may 2020 - 15:20

Bir çox antropoloq böyük sosial qruplar içində yaşamağın, beyinin getdikcə böyüməsində mühüm bir təsir olduğuna inanır; fəqət, əldə olunan yeni bilgilər bu inamı sual altına qoyur.
New York Universitetinin primatologiya bölməsindəki rəflərdə çox sayda sümük saxlanır. James Higham, bu sümüklərin insan təkamülünün vacib bir mərhələsi ilə bağlı suala cavab verdiyinə inanır.
İnsan beyni niyə bu qədər böyük və ağırdır?
Meymunlar da daxil bir çox primatın digərlərindən daha böyük beyinə sahib olması, onların sosial davranışları ilə izah edilirdi.
Yəni, daha böyük və mürəkkəb sosial qruplar içində yer alan primatların, bu sosial münasibətləri davam etdirə bilməsi üçün daha böyük beyinə ehtiyac olduğu söylənilirdi.
Təxminən iyirmi ildir ki, gündəmdə olan bu nəzəriyyə, "sosial beyin fərziyyəsi" adı ilə tanınır.
Primatlar üzərində aparılan böyük miqyaslı araşdırmalar əsasında Higham və dostu Alex DeCasien, bu nəzəriyyənin hər şeyi izah etmədiyi nəticəsinə gəliblər.
Nature Ecology and Evolution jurnalında yer alan yeni bir araşdırmaya görə, primatın yedikləri ilə beyinin böyüməsi arasında əlaqə var.
Bu nəticəni əldə etmək üçün araşdırmaçılar, 140 primat növünü nəzərdən keçirərək məlumat toplayıblar. Beləcə, primat beyninin böyüklüyü ilə qrup böyüklüyü və sosial quruluş kimi müxtəlif sosial faktorlar arasındakı əlaqə araşdırlıb.
Yeni məlumatlar isə, sosial qrup böyüklüyündən əlavə, primatların yediklərinin beyinin böyüklüyünü müəyyənləşdirdiyinə işarə edir.
Higham-a görə, meyvə ilə qidalanan primatların yarpaq yeyən primatlardan daha böyük beyinə sahib olduğu qədimdən bəlli olub. Belə ki, meyvə, yarpağa nisbətən daha bəsləyicidir və daha asan həzm olunur.
Digər tərəfdən, yarpaqla müqayisədə meyvənin həm zaman, həm də məkan baxımından daha nizamsız bölüşdürülməsi, meyvə toplamağı daha çətin və daha çox bacarıq tələb edən bir işə çevirir.
Lakin, bu, böyük beyinin təkamülündə sosial qrupun böyüklüyünün əhəmiyyətsiz olduğu mənasına gəlmir.
Meyvə yarpaqdan daha az olduğuna görə, meyvə ilə qidalanan primatların daha geniş bir ərazini axtarması lazımdır.
"Müəyyən bir meyvə ağacını başqa bir qrup daha tez tapıbsa, orada kimin qalacağını qrupun böyüklüyü müəyyənləşdirir," Higham deyir.
DeCasien-ə görə, bir çox amil birlikdə işləyir; sosial beyin fərziyyəsinin əsas problemi isə sosial qrup böyüklüyünün digər amillərə üstün gəldiyini iddia etməsindədir.
"Halbuki, araşdırmalarımız göstərir ki, hissələrə ayırdıqda qida faktoru daha güclüdür."
Ancaq, həm Higham, həm də DeCasien gəldikləri qənaətə qarşı çıxanların da olacağını bilir.
Onların əldə etdiyi nəticələri, Oxford Universitetindən sosial beyin fərziyyəsinin qurucusu Robin Dunbar-dan soruşuruq.
Dunbar buna qarşı çıxır. Ümumi beyin böyüklüyündən əlavə, neokorteks adı verilən və öyrənmə, fəza məntiqi və dil baxımından mühüm rol oynayan bölgənin əsl faktor olduğunu söyləyir.
"Neokorteks həcmi ilə beyin həcmi arasında, əhəmiyyətli bir fərq var. İlk sosial beyin analizləri, sosial qrup böyüklüyü ilə ümumi beyin ölçüsünün çox da əlaqəli olmadığını, amma, neokorteks böyüklüyü ilə bağlı olduğunu göstərdi... Fəqət, bu, onların iddiası ilə üst-üstə düşmür."
Dunbar, həmçinin beyin təkamülündə, sosial qrup böyüklüyü ilə qidalanmanın iki alternativ açıqlama kimi nəzərə alınmasına ehtiyac olmadığını söyləyir.
İstər-istəməz hər ikisinin də doğru olduğunu söyləyən Dunbar, bu xüsusiyyətlərin daha dərin bir əlaqəsi olduğuna inanır. "Daha zəngin bir qidalanma olmasa, sosial və ya başqa cür bir şey ilə böyük beyin formalaşmaz," Dunbar deyir.
Lakin, Dunbar qidalanmanın deyil, sosial qrup böyüklüyünün əsl aparıcı güc olduğunu təkidlə söyləyir.bbc.com 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə