Təqvim
Deputatlar 5-6 min manat maaş alır...
13 mart 2020 - 17:08

  Deputatlar 5-6 min manat maaş alır, 
xalqın böyük rəğbət bəslədikləri yazıçıya, aktyora, rəssama fəxri adlarına görə - 150 manat, müəllimə, həkimə, mühəndisə, jurnalistə isə fəxri titullarına görə cəmi 100 manat müavinət verilir...

Doğrudanmı, görkəmli bir Xalq yazıçısının, Xalq rəssamının, Əməkdar müəllimin, Əməkdar həkimin və digər fəxri adları olanların xalq qarşısında xidmətləri hər cür səlahiyyətləri, əlavə imtiyazları da olan deputatların xidmətlərindən bu dərəcədə aşağı (30-40 dəfədən də az!) dəyərdədır? O deputatları həkim kimi, yazıçı kimi, mühəndis kimi də yetişdirən müəllimlərdir, onların ən böyük titulu isə "Əməkdar müəllim"dir. Nəyə görə həmin Əməkdar müəllim, Əməkdar elm xadimi onların qarşısında təzim etməyə, baş əyməyə müntəzir duran, onlara mənən borclu olan dünənki tələbəsindən - bugünkü deputatdan öz şərəfli, fəxri adına görə 35-40 dəfə az müavinət almalıdır? Kimdir "Xalq", "Əməkdar" titullu nüfuzlu adamları son iki ilin artımlarında tamamilə unudanlar?

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları hər zaman olduğu kimi, son bir-neçə ildə də xalqımızın sosial şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi üçün həqiqətən inqilabi qərarlar qəbul edib. Ölkədə minimum əmək haqqı, əhalinin müxtəlif təbəqələrinin maaşları, təqaüdlər və s. Prezidentin son bir-neçə qərarı ilə ardıcıl olaraq artırılıb. 

Ancaq təəssüf ki, nədənsə, son 2-3 ildəki artımlarda "Xalq", "Əməkdar" titulları olan bir sıra nüfuzlu sənət sahibləri tamamilə unudulub, onlara diqqət yetirəcək, yada salacaq bir kimsə olmayıb. Ölkə rəhbərliyinə yaxın olan yuxarı strukturlardakı səlahiyyət sahiblərindən heç kəs (mətbuat-təhsil "maqnatı" Əli Həsənov kimilər) onları yada salmayıb, necə ki bir vaxt məhz onların laqeydliyi üzündən dahi, mütəfəkkir şairimiz İ.Nəsiminin obrazını böyük ustalıqla yaratmış görkəmli sənətkar, Xalq artisti Rasim Balayevin rəsmi dövlət tədbirinə dəvət edilməsi də "unudulmuşdu"... Heç şübhə yoxdur ki, bəzi məmurların səhlənkar "unutqanlığı" (bəzən də bilərəkdən!) olmasaydı, respublikanın bu cür yüksək titullu, tanınmış, nüfuzlu adamları da son 2-3 ildə ən azı iki dəfə müvafiq artımlardan faydalanardılar.
Söhbət heç də toylarda, müxtəlif tədbirlərdə kifayət qədər gəlir əldə edən "toy kralları"ndan - Səməd Səmədov, Aygün Kazımova, Nadir Qafarzadə kimilərindən getmir. Onsuz da onların qazancları yetərindən də artıqdır, dəbdəbəli həyat sürürlər. Şükr ki, Prezident təqaüdü alan Xalq artistlərinin və Əməkdar artistlərin də dolanışıq vəziyyətləri yaxşıdır. Ancaq elə təvazökar, Prezident təqaüdü almayan (təbii ki, bu, ucdantutma hamıya verilə bilməz), yaşlı Xalq artistlərimiz, Əməkdar artistlərimiz (o cümlədən teatr, opera və kino sənəti üzrə) var ki, onlar nə toya, nə də digər tədbirlərə getmir, dəvət olunmur, əlavə pul qazanmırıar. Onlar uzun illər xalqa sədaqətlə, istedadlarını, canlarını əsirgəmədən xidmət etmələrinə baxmayaraq, ömür bahasına nail olduqları əmək təqaüdündən əlavə dövlətdən aldıqları cəmi 100 ("Əməkdar" titulu olanlar), 150 manatdır ("Xalq" titulu olanlar).
Axı, bu, heç bir məntiqə sığmır. Deputatların aylıq maaşlarının 3-5 min manat olduğu, fərdi Prezident təqaüdçülərinin isə aylıq təqaüdlərinin 1450 manat olduğu nəzərə alınarsa, həmin 100-150 manat müavinət hazırda təqaüddə olan, yaşlaşdıqca maddi ehtiyacları, qayğıları da artan 60-70 yaşlı titullu adamlar üçün müqayisəyə gəlməyəcək dərəcədə azdır və təəssüf doğurur.
Bir də ki, öz sənəti ilə bütün həyatını xalqa ləyaqətlə xidmətə həsr etmiş, lakin bunun müqabilində dövlətdən əlavə olaraq cəmi 150 manat müavinət alan Xalq artisti ilə 1450 manat Prezident təqaüdü alan Xalq artisti arasındakı fərq (sənətkarlıq səviyyələrinin eyni dərəcədə yüksək olduğu da nəzərə alınmaqla) məgər 10 dəfəyə qədərmi olmalıdır? Axı, belə bir böyük fərq açıq-aşkar şəkildə olmasa da, istər-istəməz dilə gətirilməyən narazılığa, incikliyə səbəb olur. Çünki o da Xalq artistidir, bu da və hər ikisinə yüksək fəxri titul ölkə Prezidenti tərəfindən verilmişdir. Niyə bəs onlara göstərilən maliyyə dəstəyi, müavinət 10 dəfəyə qədər fərq ilə olmalıdır, onların xalq qarşısında xidmətləri bu dərəcədə fərqli dəyərləndirilməlidir?
Mənim Xalq artisti, Xalq rəssamı, Xalq şairi və yazıçısı, Əməkdar elm xaimi, Əməkdar müəllim, Əməkdar mühəndis, Əməkdar jurnalist, Əməkdar həkim və s. olan tanıdığım hörmətli, nüfuzlu adamlar var ki, yaşları 65-70-i ötsə də, uzun illərin əmək, elm, sənət fəaliyyətləri müqabilində dövlətdən əlavə olaraq aldıqları "xidmət mükafatı" cəmi 100-150 manatdır. Təsəvvür edirsinizmi? Əməkdar müəllim vaxtilə onun şagirdi, tələbəsi olmuş bugünkü deputatdan 10-15 dəfə az gəlirə malikdir (hətta aldığı əmək təqaüdü də nəzərə alınarsa).
Bir də ki, axı, həftənin cəmi 2-3 iş gününü, o da hər dəfə 4-5 saatdan çox olmayaraq Milli Məclisdə "oturan" deputatlar necə böyük zəhmət çəkirlər ki (rəsmi tədbirlərdə, ziyafətlərdə iştirakdan, yeyib-içməkdən başqa), onlar gecəsini gündüzünə qatıb Azərbaycan balalarına elm öyrədən müəllimdən, bütün məsuliyyəti ilə xəstəsinin sağalması üçün fədakarlıq göstərən həkimdən, bir rolunu hazırlamaq üçün vaxt-bivaxt çalışan aktyordan, həftənin 5-6 gününü yağışın, küləyin, sazağın altında çalışan inşaatçıdan, yol mühəndisindən və s. "əməkdar" titullu mütəxəssislərdən qat-qat artıq maaş almalıdırlar?
Əlbəttə, mən qətiyyən o fikirdə deyiləm ki, "Xalq", "Əməkdar" fəxri titulları olanların hamısına verilən müavinət ucdantutma artırılmalıdır. Ancaq çox yaxşı olardı ki, aylıq gəlirləri olmayan, müəyyən səbəblərdən işsiz qalan, yaşı 60-70-dən yuxarı olanlara "Xalq" tituluna görə ən azı 1000, "Əməkdar" tituluna görə isə 600-700 manat vəsait ödəniləydi (işləyənlər üçün həmin vəsaitlərin tam yox, 50 faizi həcmində). Nəzərə alınsa ki, son 2-3 ildəki sosial artımlar həmin kateqoriyadan olan şəxslərə bir dəfə də olsun şamil edilməmişdi, belə bir artım çox ədalətli olardı. (Toylara gedən, cəmi yarım saatlıq mahnı ifasına görə 2000-3000 manat alan titullu müğənniləri çıxmaq şərtilə).
Təkrar edirəm, bu təklifimin bütün fəxri adları olanlara, xüsusilə də toylardan, televiziyalardan qazanc əldə edənlərə yox, yalnız müəyyən səbəblərdən (ixtisara, xəstəliyə və s. görə) işləməyən, yaşı 60-ı ötmüş "Xalq", "Əməkdar" titullu şəxslərə şamil edilməsi, onların güzəranının yaxşılaşıdırılması çox düzgün, həm də çox ədalətli olardı. Bu, çox mühüm, vacib məsələdir.
İnanırıq ki, bu təklif möhtərəm Prezidentimiz tərəfindən səmimiliklə, razılıqla qarşılanacaq və xalq qarşısında xidmətlərinə görə Azərbaycanın fəxri adlarına layiq görülmüş nüfuzlu təqaüdçülər - yaşlı sənət, peşə adamları, yaradıcı şəxslər ölkə rəhbərinin diqqətindən, qayğısından kənarda qalmayacaq, onların fəxri adlarına görə verilən müavinətlərlə bağlı müvafiq, düzgün qərar qəbul ediləcəkdir.

P.S. Fərdi Prezident təqaüdü verilən şəxsə fəxri ada görə əvvəl aldığı müavinəti dayandırmaq da olar.


Qadir SULTANOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Sumqayıt.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə