Canveten.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Tədbir Dövlət himninin səslənməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov tədbirdə çıxış edərək Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu günün Azərbaycan xalqının müstəqillik yolundakı tarixində böyük hadisə kimi səciyyələndirib. Qulu Novruzov bildirib ki, müasir, inkişaf etmiş və güclü Azərbaycan məhz xalqımızın milli-azadlıq hərəkatı, müstəqillik uğrunda mübarizəsinin nəticəsində əldə olunub. 28 il əvvəl üçrəngli bayrağımızı ucaldaraq suveren dövlətimizi yaratsaq da dünyada baş verən mürəkkəb siyasi proseslər, dövlət idarəçiliyindəki boşluqlar və xarici təcavüz nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi yarandı. Lakin ömrünün hər anını xalqının gələcəyinə, vətənimizin çiçəklənməsinə həsr edən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi. Bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası iqtisadi tərəqqiyə nail olaraq regionun lider ölkəsinə, dünya birliyinin etibarlı tərəfdaşına, mötəbər dövlətə çevrilib-deyə sözünə davam edən Akademiyanın rəisi müasir gənclərin öz tarixini mükəmməl öyrənməli olduqlarını bildirib, onlara bu günün mahiyyətini və tarixi aspektlərini kifayət qədər dərindən mənimsəməyi tövsiyə edib. Akademiyanın müəllimi Samir Həsənov Azərbaycan xalqının müstəqillik yolundakı tarixinə ekskurs edərək, dövlət müstəqilliyinin Azərbaycan xalqının tarixi haqqı olduğunu bildirib. O, öz məruzəsində Azərbaycan xalqının milli müstəqillik uğrunda azadlıq hərəkatının tarixindən söz açıb. Sonra dövlət müstəqilliyi gününə həsr edilmiş videoçarx nümayiş olunub və tədbir bədii hissə ilə davam edib.
Bütün hüquqlar qorunur © 2024