Canveten.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın Dövlət müstəqilliyinin 28-ci ildönümününə həsr olunmuş tədbirdə Azərbaycan Səfirliyinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, qardaş ölkənin ictimaiyyət nümayəndələri, elm, mədəniyyət xadimləri, müəllim və tələbələr, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər. Öncə qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzin foyesində təşkil olunan “İstiqlaliyyətinin 28-ci ili mübarək Özbəkistan” adlı sərgi ilə tanış olublar. Sərgidə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəssamlıq ixtisası üzrə tələbələri tərəfindən çəkilmiş rəsmlər sərgilənib. Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb, Azərbaycan-Özbəkistan dostluğuna, habelə Özbəkistanın əldə etdiyi nailiyyətlərə dair xüsusi videomaterial nümayiş etdirilib. Giriş sözü ilə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibəti ilə Özbəkistan xalqını təbrik edib, ölkələrimiz arasındakı əlaqələrin milli-mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olduğunu qeyd edib, strateji tərəfdaşlıq səviyyəsinə çatan Azərbaycan-Özbəkistan əlaqələri, müstəqilliyin xalqlarımız üçün faydası haqqında danışıb. Tədbirdə şıxış edən “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Özbəkistanın dövlət müstəqilliyinin Azərbaycan Mədəniyyət Mərkəzində qeyd olunmasının xüsusi önəmi olduğunu, bunun bir daha dostluğumuzun, qardaşlığımızın göstəricisi olduğunu söylədi. Erkin Nuriddinov Özbəkistanın müstəqillikdən sonra əldə etdiyi nailiyyətlər, dünya siyasətində qazandığı uğurlar haqqında danışaraq, Azərbaycan tərəfinə təşkil olunan tədbirə görə xüsusi təşəkkürünü bildirib və iki qardaş ölkənin arasında mövcud olan əməkdaşlığın daha da inkişafından məmnunluğunu vurğulayıb. Tədbirin bədii hissəsində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin tələbələrinin Vətən mövzusunda şeir kompozisiyası, Azərbaycan Mədəniyyət Mərkəsinin rəqs ansamblı, Özbəkistanın dünya şöhrətli “Özbək gəncləri” musiqi ansamblı hər iki xalqın rəqsləri, musiqilərini ifa ediblər.
Bütün hüquqlar qorunur © 2024