Təqvim
Gömrükdəki qaydalar: "Üç cüt corabın gətirilməsinin nə ziyanı ola bilər?"
21 fevral 2019 - 12:56

Rəhilə Abışova vaxtaşırı xaricə gedir. Hər dəfə qayıdanda qardaşı uşaqlarına müxtəlif hədiyyələr, pal-paltar, suvenirlər alır. Hədiyyələr adətən 3 dənə olmalıdır:

"Qardaşımın üçəm qızları var. Birinə alıb o birinə almasam inciyərlər. Odur ki, paltar alanda, suvenir alanda üçünə də eynisini almalıyam. Amma Gömrük Komitəsinə bunu necə başa salacam onu bilmirəm".

Rəhilə Abışova kimi narahat olanlar az deyil.

Belə ki, fiziki şəxs özü ilə xaricdən eyni maldan 3 ədəd gətirirsə, məsələn, eyni rəngli üç çanta alacaqsa Dövlət Gömrük Komitəsi dərhal bir neçə məsələni müəyyənləşməlidir;

Əvvəla, bu mal şəxsi istehlak, yoxsa kommersiya məqsədilə alınıb. İkincisi, üçüncü və daha artıq malların şəxsi istifadə məqsədilə gətirildiyi müəyyən edilərsə, onların gömrük dəyərinə əsasən hesablanan gömrük ödənişi həyata keçirilməlidir.

Bəzi vətəndaşların şikayəti ilə medianın gündəmini zəbt edən bu qaydalar, Dövlət Gömrük Komitəsinin sözlərinə görə, qüvvəyə mindiyi 2013-cü ildən tətbiq olunur.


Söhbət Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"ndan gedir.

"Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu ... güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir", sənəddə deyilir.

Astaranın Ərçivan qəsəbəsində yaşayan sahibkar Faiq Cəfərzadə bu qaydanı "monopoliyanın nəticəsi" kimi dəyərləndirir. Onun sözlərinə görə, məqsəd İrana gedib-gələn, xırda alverlə birtəhər dolananların "çörəyini kəsməkdir".

"Harda camaat üçün işıq yeri var, xeyir varsa oranı bağlayırlar. İş yeri yoxdur, hamı gedib İrandan nəsə gətirib satır. Əvvəlcə 3 blok siqaretə icazə vardı, sonra iki etdilər, indi bir ediblər. Məsələ budur. Monopoliyadır. Yaz gəlir, İrandan çəltik gətirilməlidir, imkan vermirlər, bizim torpaqda İran kartofundan başqası yetişmir, İrandan kartof gətirməyə icazə vermirlər, hər yerdə yolları bağlayırlar".

Faiq Cəfərzadə deyir ki, Azərbaycanda qiymətlər artdıqca adamlar tümənin dəyərdən düşdüyü İrana daha çox ayaq açılar:

"Bu yaxında bir adam deyir ki, qonşusu İrandan buna çörək alıb. Deyirəm, çörəyi niyə ordan alırsan? Cavab verir ki, orda ucuzdur, çox gətirib, üçünü də buna satır. Niyə dövlət bizi bu məcburiyyət qarşısında qoyur? Xiyar İranda 20 qəpikdir, bizim monopolistlər bunu alıb Bakıda 2 manata satır. Burdakı kasıb o xiyardan on kilo gətirsə, ikisini özü yeyib 8 kilosunu da 40 qəpiyə satsa dünya dağılmaz ki…"

"Bu, dövlət səviyyəsində vətəndaşın əmlakına qəsddir", iqtisadi təhlilçi Qadir İbrahimli sözügedən qaydanı belə şərh edir.

"Birincisi, hər bir kəsin şəxsi istehlakını müəyyənləşdirmək Komitənin funkiyalarına daxil deyil. Tutaq ki, mənim üç övladım var və xaricdən onların hər birinə standart hədiyyə gətirmək istəyirəm, məsələn, telefon. Və ya əhatə dairəm uşaqlarımla məhdudlaşmır, bacım, qardaşım uşaqlarına da telefon pay gətirmək istəyirəm. Bu, nəyə görə yasaqlanmalı və ya məhdudlaşdırılmalıdır? Nəyə görə mən 6-7 telefon gətirə bilmərəm? Buna görə rüsum ödənməsi özü də mübahisəlidir".

Qadir İbrahimlinin fikrincə, bu məsələyə yenidən baxılmalıdır, liberal gömrük mühiti yaradılmalıdır.

 

Üç cüt corab



"Üç cüt corabın gətirilməsinin nə ziyanı ola bilər?"


"Üç cüt corabın gətirilməsinin nə ziyanı ola bilər? Vətəndaşlar anlamaq istəyir ki, bununla Komitə nə demək istəyir, məqsəd nədir?", - iş adamı və iqtisadi təhlilçi Nazim Bəydəmirli sual edir.

Hərçənd onun sualları bununla bitmir: "Niyə vətəndaş 3 cüt corabı xaricdən gətirmək istəməlidir ki? Ölkədə bahalı məhsul istehsal edilirsə və vətəndaş öz istehlakı üçün bunu gətirirsə niyə ona məhdudiyyət qoyulmalıdır? Səbəbi aradan qaldırmaq, daxili istehsalı stimullaşdırmaq lazımdır".

Nazim Bəydəmirlinin fikrincə, belə qadağalar korrupsiyaya və rüşvətə yol açır.

Qaydaların daha çox sərhəd bölgəsində yaşayan və xırda ticarətlə məşğul olanların həyat şəraitinə mənfi təsir göstərəcəyini deyən cənab Bəydəmirlinin sözlərinə görə, hökumət məhdudiyyətlər qoymaqdansa, sərhəd bölgəsində ticarəti təşviq edə bilərdi.

"Belə təəssürat yaranır ki, Gömrük Komitəsi həm daxildə sadəcə qablaşdırma ilə məşğul olan istehsalçıları, həm də idxalda monopoliya yaratmış qurumları müdafiə edir".


Komitə fevralın 7-də yaydığı açıqlamada narazılıqlara aydınlıq gətirməyə çalışıb: "...hər bir şəxsin gətirdiyi eynicinsli malların miqdarı nəzərdə tutulan miqdardan, yəni 2 ədəddən artıq olarsa, həmin şəxsin hansı mütəmadiliklə xaricə səfər etdiyi, hansı malları gətirdiyi müəyyənləşdirilir".

Komitədən bildirilib ki, qanunvericiliyə görə miqdardan artıq olan malların kommersiya, yaxud qeyri-kommersiya məqsədləri üçün gətirildiyini müəyyən etmək də gömrük orqanına həvalə olunub.

"Malların şəxsi istifadə məqsədilə gətirildiyi müəyyən edilərsə, 3-cü və daha artıq malların gömrük dəyərinə əsasən hesablanan gömrük ödənişi həyata keçirilir və ya gətirilən 1 və ya 2 ədəd malın dəyəri 1500 ABŞ dollarından çoxdursa, ümumi gömrük dəyərindən 1500 dollar çıxılır və qalan məbləğə görə gömrük ödənişləri həyata keçirilir", - açıqlamada deyilir.

BBC News Azərbaycanca Komitədən malların şəxsi istifadə məqsədilə gətirildiyi necə müəyyəndiriləcəyi barədə şərh ala bilməyib.

 

BBC AZƏRBAYCANCA 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə