Təqvim
Bakıda parklanma müəmması- Gəlir hara gedir?
26 yanvar 2019 - 23:16

Son günlər Bakıda avtomobillərin park olunması və dayanma-durma qaydalarının pozulmasının kütləviliyi sürücülər arasında narazılıq yaradır. Vətəndaşlar “Qafqazinfo”ya müraciət edərək “parkovka” sahəsindəki qarışıqlıq və özbaşınalıqdan şikayətlərini bildiriblər.

Belə ki, bu gün küçələrdə qollarına qırmızı bağlayıb əlində çubuq tutan naməlum şəxslər sürücülərdən maşını saxlamağa görə müəyyən miqdarda pullar alırlar. Amma bu şəxslərin kim olduğunu, haranı təmsil etdiyini, vətəndaşlardan yığılan pulun kimin cibinə getdiyini heç kim bilmir. İllərdir bu proses davam edir və ölkənin müvafiq qurumları bu məsələdən baş aça bilmirlər.

Bakı Nəqliyyat Agentliyi açıqlayıb ki, meriya onlara yalnız “Hökumət evi”nin yaxınlığındakı və Qış Parkının altında yerləşən yeraltı dayanacaqları təhvil verib. Prezidentin sərəncamı ilə paytaxtın bütün küçələrində və dövlətin hesabına tikilən dayanacaqlarda bu prosesə nəzarət etməli olan qurum –  Bakı Nəqliyyat Agentliyi isə bir ilə yaxındır səlahiyyətləri əlinə almaqda aciz qalıb. Belə ki, bu gün “parkovşik”lərin hardan gəlib, yığdıqları pulları hara apardıqları bilinmir.

BNA rəhbəri Vüsal Kərimli hesabat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin dayanacaqları onlara tam təhvil vermədiyini açıqlayıb. Belə olan halda həmin şəxslərə meriyanın nəzarət etdiyi cavabı ortaya çıxır. Lakin bu qurum da məsuliyyəti öz üzərinə götürmür.

Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, prezidentin sərəncamından sonra dayanacaqlara nəzarət edən qurum da fəaliyyətini dayandırıb: “Bütün dayanacaqlar təhvil verilib. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin balansında heç bir yerüstü və ya yeraltı dayanacaq yoxdur”.

Bakı Nəqliyyat Agentliyi isə bu qarışıq durumdan baş açmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Vüsal Kərimlinin hansı dövlət qurumuna üz tutduğu haqda suala isə agentliyin sözçüsü Mais Ağayev cavab tapmayıb.

Belə ki, “Qafqazinfo” BNA-nın mətbuat katibi Mais Ağayevə sorğu göndərərək bir neçə suallar ünvanlayıb:

1. Bakı Nəqliyyat Agentliyi hazırda hansı ərazilərdə parklanmaya nəzarət edir?

2. Digər küçəkənarı və yerüstü tikili dayanacaqlar kimin nəzarətindədir?

3. Sürücülər qanuni və qanunsuz fəaliyyət göstərən dayanacağı necə müəyyən etməlidirlər? Vətəndaşlar kimə ödəniş etməlidirlər? Hansı dayanacaqda edilən ödəniş dövlət büdcəsindən yan keçir?

M. Ağayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti prezidentin sərəncamından 11 ay keçməsinə baxmayaraq, dayanacaqları təhvil verməyib: “Sürücülər dayanma və durmanı qadağan edən nişanlar olan ərazilərdə kimlərinsə sözünə arxayın olub maşınlarını saxlamasınlar. Bizə belə şikayətlər də daxil olur. Cərimə olunan sürücülər deyirlər ki, o ərazidə kiməsə ödəniş edib maşınlarını park ediblər. Sürücülər yalnız parklanmaya icazə verən (P) nişanının quraşdırıldığı ərazilərdə maşınlarını saxlaya bilərlər”.

M. Ağayev P nişanı olan ərazilərdə sürücülərdən ödəniş alınmasını qanunsuz adlandırıb: “Həmin şəxslərin kim olduğunu bilmirik, çünki biz Bakı Şəhər İcra Hakimiyyətindən həmin əraziləri təhvil almamışıq. Bizim səlahiyyətimizdə olmayan yerlərdə araşdırma apara bilmərik. Bununla bağlı Daxili İşlər Nazirliyinə şifahi məlumat verilib, rəsmi müraciət də olunacaq. Bakı Nəqliyyat Agentliyi hələ ki, yalnız Hökümət evinin və Qış Parkının altındakı dayanacaqlara nəzarət edir”.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, TURİZM, ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə