Təqvim
5 MANATA SU SATILAR?...
11 yanvar 2019 - 11:49

Gürcüstan ətraf ölkələrdən milyonlarla turisti bizim əlimizdən alır

Çünki turizm zonalarında qiymətlər münasibdir, təyyarə biletləri ucuzdur

 

Şahdağda adi su 5 manata satılır. Bu barədə sosial şəbəkədə məlumat verən vətəndaş mağazalarda 30 qəpiyə satılan adi suyu Şahdağda 5 manata aldığını iddia edib. Bu iddiasını da paylaşdığı qəbzlə əsaslandırıb.

 

Qeyd edək ki, turizm obyektlərində qiymətlərin həddən artıq baha olması ilə bağlı zaman-zaman şikayətlər yayılır. Sadə Azərbaycan vətəndaşının həmin yerlərə yolunu bağlayan süni qiymət artımına irad tutan ekspertlər isə bu sahə ilə məşğul olan iş adamlarına qiymət siyasətini daha ədalətli tənzimləmələrini tövsiyə edirlər.

 

Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə məsələ ilə bağlı "Şərq”ə açıqlamasında Dövlət Turizm Agentliyinin qiymətlərin formalaşdırılmasında iştirak etmədiyini deyib: "Bazar iqtisadiyyatında qiymətlər özəl şirkətlər tərəfindən müəyyənləşdirilir. Biz dövlət qurumu olaraq buna müdaxilə etmirik. Əlbəttə, tövsiyələrimiz var ki, qiymətlər daha münasib olmalıdır, bütün büdcələrə uyğun olmalıdır. Hamı istər ki, qiymətlər daha əlverişli olsun. Ancaq buna inzibati qaydada müdaxilə edə bilmərik. Bizim əsas vəzifəmiz sağlam rəqabət mühiti yaratmaqdır”.

 

İqtisadçı Elçin Bayramlı isə bizimlə söhbətində turizm obyektlərində bu cür özbaşınalıqların geniş yayıldığını deyib. Onun sözlərinə görə, Şahdağla bağlı yayılan məlumat ilk fakt deyil: 

 

"Həmişə belə olub. Bizim turizm müəssisələrinin böyük əksəriyyəti aşkar soyğunçuluqla məşğuldur. Adi xidmətlərə astronomik qiymətlər təyin edirlər. Ona görə də ölkədə turizm inkişaf etmir, hər il milyonlarla potensial turisti itiririk. Hökumətin özəl sektora qiymət məhdudiyyəti qoymaq ixtiyarı yoxdur, çünki bazar iqtisadiyyatıdır, özəl sektor bu məsələdə azaddır. Ümid qalır bu müəssisələrin rəhbərliyinin insafına, bazar iqtisadiyyatı dövründə də heç bir insafdan, ictimai məsuliyyətdən söhbət belə gedə bilməz. Düzdür, burada həmin müəssisələrin qeyri-rəsmi xərcləri də mühüm roy oynayır, amma daha çox fürsətcillik faktoru var. Üstəlik, bizdə aviabiletlər çox bahadır və xarici turistin ölkəyə gəlib-getmək xərci xeyli çox çıxır. Məhz belə vəziyyətə görə, qonşu Gürcüstan ətraf ölkələrdən milyonlarla turisti özünə cəlb edərək bizim əlimizdən alır. Elə özümüzdən də çoxları ora gedir, çünki daha ucuz, daha yaxşı xidmət var.

 

Qiymətlərə gəldikdə, bizdə təəssüf ki, əksər məhsulların üzərinə qiymət yazılmır. Yalnız su butulkalarının üzərində qiymət olur. İstehsalçı şirkətlər öz məhsullarının 5-10 dəfə baha satılmasına qadağa qoymalıdırlar. 

 

Vahid satış qiyməti ilə satılmasına nəzarət etməlidirlər. Lakin bu da vəziyyəti tam düzəldə bilməyəcək. Ən yaxşısı rəqabət şəraitini gücləndirməkdir. Əgər çox sayda turizm obyektləri açılsa, təklif çox olar və turistlər də daha ucuz xidmət təklif edənləri seçərlər. Bunun üçün biznesə başlamaq imkanları daha da sadələşdirilməli, ilk illərdə vergi güzəştləri edilməli, cəlbedici ərazilərdə və sahələrdə monopoliya cəhdlərinin qarşısı alınmalıdır. Bunu edə bilsək, milyonlarla turist cəlb edə bilərik və bu sahədə ölkəmiz ciddi gəlirlər götürə bilər”.

 

Şəymən

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə