Təqvim
ÇEK YOXDUR, SÜRÜCÜLƏR ÇAŞ-BAŞ QALIB
11 yanvar 2019 - 11:42

Parklanma ilə bağlı pul yığanların kim olduğu, harda işlədiyi bilinmir

 

Bakıda sürücülərin üzləşdiyi ən böyük problemlərdən biri də park yerləri ilə bağlıdır. Hər bir parklanma yerində sürücülər saatından asılı olaraq, 1 manatdan başlayan ödənişlər etməyə vadar edilir. Ötən ilin oktyabr ayından isə parklanma qaydalarının pozulmasına görə cərimələrin yazılmasına da başlanılıb. Özlərini BNA əməkdaşları kimi təqdim edən şəxslər sürücüləri hədələyib dayanma və durma qaydalarını pozduğuna görə müvafiq məbləğ tələb edir. Əllərindəki aparatla qəbz yazıb hədə-qorxu gəlirlər ki, ödəniş etməsəniz, sizə cərimə yazacağıq. Bu da haqlı olaraq sürücülər arasında narazılığa səbəb olur.

 

Firdovsi A- ev adlı feysbuk istifadəçisi sözügedən problemlə bağlı belə bir rəy yazıb: "Keçən gün biz Nərimanovda "Mado"nun yanında maşını park edəndə 1 nəfər yaxınlaşdı terminaldan kağız çıxardı. Dayandığımız yerin pullu dayanacaq olmadığını deyəndə isə bizə yol nişanının girişdə olduğunu dedi. Baxıram ki, söhbət parkink işarəsindən gedir. Sən demə, adam heç pullu parklanma yeri ilə Parkinq işarəsinin fərqini bilmir. Elə bilir ki, P hərfi pullu deməkdi. Üstəlik də özünü BNA işçisi kimi təqdim etsə də, kartını tələb edəndə idarədə olduğunu bəhanə edib yayındı”.

 

Qeyd edək ki, son günlər Bakı şəhərində parkinqlərdə qiymətlərin artırıldığına dair məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri "Qış Parkı” və Azadlıq meydanının altında yerləşən parkinqlərdə qiymətlərin 2 dəfə artırıldığını qeyd ediblər:

 

"Qış Parkı”nda yerləşən parkinqdə 9:00-21:00 radələrində maşın saxlamaq üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 80 manatdır”.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a açıqlamasında təmsil etdiyi qurum tərəfindən qiymət siyasətinin müəyyən edilmədiyini deyib: "Hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda "Neftçilər” prospekti - Hökümət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib. Bu istiqamətdə ciddi iş aparılmaqdadır”.

 

BNA rəsmisi qeyd edib ki, bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə baxılacaq: "Tariflərlə bağlı yeni bir qərar olacağı halda, təbii olaraq ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.

 

Halbuki ölkə başçısının 6 iyulda imzaladığı Fərmana görə, əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər BNA-nın nəzarətinə verilib. Sözügedən qurum isə paytaxtda yaşanan parkinq xaosu ilə bağlı ətraflı bilgiyə sahib olmadığını iddia edir.

 

Maraqlıdır, saatına bir manatdan hesablanan cərimələr hansı qurumun büdcəsinə və yaxud kimin cibinə axır?

 

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli isə bildirib ki, dünya təcrübəsinə istinadən avtomobil dayanacaqlarının idarə edilməsi bələdiyyələrə tapşırılmalıdır: "Hazırda parklanma ilə bağlı pul yığanların kim olduğu, harada işlədiyi bilinmir. 

 

Nə əyinlərində xüsusi forma var, nə də sürücülərə verdikləri pulun müqabilində çek təqdim edirlər. Belə çıxır ki, istənilən şəxs yolun kənarında durub nəqliyyat vasitəsinə yer göstərməklə, çıxışına kömək etməklə pul qazana bilər. Əgər vətəndaş avtomobilini saxlayıb konkret məbləğ deyil, istədiyi qədər pul ödəyə bilirsə, ortada çek yoxdursa, deməli, xidmətin qanundankənar forması həyata keçirilir”.

 

Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da dövlətə məxsus yeraltı parklanma yerlərində qiymətlərlə bağlı dolaşıq məlumatların yayıldığını təsdiqləyib. Onun sözlərinə görə, indiki vaxtda həmin qiymətləri artırmaq və ya müxtəlif güzəştli xidmət zərflərini ləğv etmək çox ciddi səhv olar. Əsasən bu iki məqama diqqət edilməlidir: "Birincisi, Bakının küçə və prospektlərində parklanmalarla, o cümlədən qanunsuz parklanmalarla bağlı ciddi problem var. 

 

Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur, xaos və tıxac yaranır. Belə şəraitdə şəhərin mərkəzində parklanma yeri axtaran sürücüləri yeraltı parklanmalardan istifadəyə sövq etmək lazımdır. Elə güzəştli qiymətlər və həvəsləndirici şərtlər tətbiq etmək lazımdır ki, heç kəs həmin parklanmalardan istifadədə tərəddüd etməsin. 

 

Amma qiymətin qaldırılması və güzəşt zərflərinin ləğvi və ya ağırlaşdırılması bunun əksini edəcək: 

belə olsa, indi oradan istifadə edənlərin xeylisi yuxarıda - mərkəzdəki küçə və prospektlərdə parklanma yeri axtaracaq. Belə yer isə yoxdur. Deməli, ikinci cərgədə və qadağan olunan yerlərdə parklananların sayı artacaq. Nə qədər sərt mübarizə aparılsa da, bu, qaçılmaz olacaq. Başqa sözlə, mərkəzdə parklanma xaosu bir az da artacaq.

 

İkincisi, qiymətlərin qaldırılması və ya güzəştli istifadənin ləğvi iqtisadi baxımdan da yanlışdır. Qeyd etdiyim kimi, bəzi adamlar həmin yerlərdən istifadə etməkdən imtina edəcəklər. Nəticədə yeraltı parklanma yerləri yarıboş qalacaq və təbii ki, daxilolmalar azalacaq”.

 

Hüquqşünasın fikrincə, başqa əsaslar da gətirmək olar, lakin bu iki əsas kifayətdir ki, qiymətlərin nəinki qaldırılmasının, hətta azaldılmasının və güzəştlərin genişləndirilməsinin zəruriliyi aydın olsun: 

 

"Məsələn, oralardan mütəmadi istifadə edənlərə təkcə biraylıq yox, hətta birillik zərf təklif etmək lazımdır, özü də elə qiymətə ki, onu 12 aya böləndə hər ayın haqqı indiki aylığın yarısı və ya üçdə biri qədər olsun. Həmin parklanma yerlərindən epizodik istifadə edənlər üçün də maraqlı həvəsləndirici ideyalar düşünmək lazımdır...”.

 

Ə.Hüseynov deyib ki, sürücülər parklanma yerlərinin qiymətini qaldıranlara və ya qeyri-qanuni pul yığanlarla bağlı polisə, prokurorluğa, əllərində ciddi hüquqi əsaslar və sənədlər olsa, məhkəməyə müraciət edə bilərlər.

 

Şəymən
sherg.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, TURİZM

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə