Təqvim
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (+FOTOLAR)
27 dekabr 2018 - 12:49

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də həm Fond tərəfindən, həm də digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində ümumilikdə 10 müsabiqə keçirilib və 500-ə yaxın jurnalist mükafatlandırılıb. İl ərzində KİVDF tərəfindən bir sıra layihələr reallaşdırılıb. Fond 2018-ci ildə 33 kütləvi informasiya vasitəsini maliyyələşdirib, Azərbaycan ədəbi dilinin qorunması istiqamətində layihələr həyata keçirib. Hazırkı müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib. Müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib. Ümumilikdə isə 112 jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Fond üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Jurnalistlər üçün tikilən növbəti yaşayış binasının artıq 13-cü mərtəbəsi yekunlaşır. Bütün bu işlər 2019-cu ildə də davam etdiriləcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib. Bu əlamətdar gün təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeyd olunub. Cümhuriyyət müsəlman Şərqində ilk dünyəvi, çoxpartiyalı parlamentə malik respublika olub, aparıcı dövlətlərdən də xeyli əvvəl ilk dəfə kişilərlə yanaşı, qadınlara da seçib-seçilmək hüququ verib.

Azərbaycanın sosial-iqtisadi inkişafından danışan Prezidentin köməkçisi bildirib ki, ölkəmiz yola saldığımız ildə nailiyyətlərini daha da artırıb. Bu il bir sıra transmilli layihələr icra olunub, Avropa İttifaqının, dünya ölkələrinin reallaşdıra bilmədiyi NABUCCO marşrutunun əvəzində Azərbaycanın və Türkiyənin liderliyi ilə “Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilib. 2020-ci ildə bu kəmər tam işə düşəcək, 100 illər ərzində Azərbaycanın maraqlarını təmin edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ötən il istifadəyə verilsə də, bu yol boyunca əsas tərəfdaş ölkələrlə yükdaşımaları ilə bağlı sazişlərin imzalanması bu ilə təsadüf edib. Bu il həm də üçüncü peykimiz orbitə buraxılıb.

Əli Həsənov deyib ki, yola saldığımız il media sahəsində də uğurlu olub. Jurnalistikamız inkişaf edib, saytların sayı artıb. Saytların müxtəlif xarici dillərdə versiyaları yaranıb. Bu il reket jurnalistikası ilə mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Bu da mediamızın təmizlənməsi, mənfi halların aradan qalxması işində önəmlidir. Jurnalist adından sui-istifadə edib jurnalistikanı hörmətdən salan şəxslərlə mübarizə bundan sonra da davam edəcək.

Sonra qaliblər mükafatlandırılıb. Təltif olunanlar arasında AZƏRTAC-ın birinci yerə layiq görülmüş bölgə müxbiri Tahir Ağaməmmədov da var.

Daha sonra Əli Həsənov Prezident İlham Əliyevin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmuş “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqova yüksək dövlət mükafatını təqdim edib. Qəzetin bir qrup əməkdaşına isə “Əməkdar jurnalist” fəxri adının vəsiqələri və döş nişanları, həmçinin “Tərəqqi” medalları təqdim olunub.

Baş redaktor Bəxtiyar Sadıqov çıxış edərək yüksək mükafatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral xalqımızı qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib. Səfir qardaş ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin də Azərbaycan jurnalistikası üçün əlamətdar olduğunu bildirib. Azərbaycanda sağlam jurnalistikanın mövcud olduğunu deyən Ə.Amaşov bu sahədə görülən işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Qeyd edib ki, Mətbuat Şurası jurnalistikamızın sağlamlaşdırılması işini bundan sonra da davam etdirəcək.

Tədbir bədii hissə ilə davam edib. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə