Təqvim
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür (+FOTOLAR)
15 dekabr 2018 - 17:28

İndiyədək yataqdan 97 milyard kubmetr qaz və 24 milyon ton kondensat çıxarılıb

Bakı, 15 dekabr, Nihad Budaqov, AZƏRTAC

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 12 il keçir. Azərbaycanın neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də ölkəmizin beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Məhz ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən bir ölkə kimi tanıtdırır. Hasilata başlanandan bəri “Şahdəniz”dən 97 milyard kubmetr qaz və 24 milyon ton kondensat əldə edilib. “Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur.

“Şahdəniz”in kəşfi

Azərbaycan qlobal miqyasda tanınan təbii qaz ixracatçısına çevrilməkdədir. 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda isə ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.

2006-cı il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verilib. Quyunun gündəlik qaz hasilatı 5,6 milyon kubmetr, kondensat hasilatı isə 2,5 min ton olub. Həmin quyunun yerləşdiyi sahədə dənizin dərinliyi 100 metr, quyunun dərinliyi isə 6 min 500 metr təşkil edib. Bu hadisə Azərbaycanın neft-qaz sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı olub.

“Şahdəniz-1” üzrə əməliyyatlara elə 2006-cı ildə başlanıb və yataqdan hasilat həyata keçirilib. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilib. 2006-cı ilin sonlarından etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstana və Türkiyəyə çatdırılır. Cari ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 22 milyon kubmetr qaz olub.

“Şahdəniz-1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. 2014-cü ildə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılıb.

Cari ilin üçüncü rübü ərzində də “Şahdəniz” yatağından Azərbaycan (SOCAR), Gürcüstan (GOGC), Türkiyə (Botaş) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. Doqquz ayda yataqdan 8 milyard standart kubmetr qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barrel) kondensat hasil edilib. Hasilata başlanandan bəri isə “Şahdəniz”dən ümumilikdə 97 milyard standart kubmetr təbii qaz və 24 milyon ton kondensat çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda sutkada 43 milyon standart kubmetr və ya ildə təqribən 16 milyard kubmetrdir.

Neft Fondu indiyədək “Şahdəniz”in işlənməsindən 2,5 milyard dollar qazanıb

2007-ci ildən cari il dekabr ayının 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə qazın satışından əldə edilən ümumi gəlirləri 2 milyard 506 milyon ABŞ dolları olub.

Bu ilin əvvəlində isə “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Neft Fonduna 108 milyon dollar əlavə bonus ödənilib.

Cari ilin 3 rübündə “Şahdəniz” üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat və təxminən 1,14 milyard dollar əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Hesabat dövründə Cənubi Qafqaz Boru Kəməri ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat və 308 milyon dollar isə əsaslı xərclər sərf edilib.

Bəxtiyar Aslanbəyli: Hazırda “Şahdəniz-2” yatağındakı 4 quyudan təbii qaz çıxarılır

“Şahdəniz” qaz-kondensat yatağının əhəmiyyətini şərh edən “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Şahdəniz” dünyanın ən iri qaz yataqlarından biridir. 2006-cı ildə ilk qaz əldə ediləndən bəri yataq təhlükəsiz və etibarlı şəkildə region bazarlarını qazla təmin edir. Yatağın əməliyyatçısı kimi BP şirkəti bu layihənin çoxsaylı uğurları ilə fəxr edir. Bu il “Şahdəniz”in yeni qurğularından ilk qaz əldə olunub. Belə ki, Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. “Şahdəniz-2” yatağındakı “Şahdəniz Bravo” və “Şahdəniz Alfa” platformalarından 2 yarımdalma qurğusu vasitəsilə ümumilikdə 26 qaz hasilat quyusunun qazılması nəzərdə tutulur. “Şahdəniz Bravo” platformasından hasilat üçün 14 quyu qazılıb. Bu quyulardan 10-u tamamlanıb. Dörd quyudan isə hazırda təbii qaz hasil olunur”.

Bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.

“Şahdəniz” yatağını “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişi tərəfdaşları adından BP şirkəti işlədir. “Şahdəniz” struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır.

“Şahdəniz-2” təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir

“Şahdəniz-2” və ya yatağın tammiqyaslı işlənməsi (YTİ) layihəsi “Şahdəniz-1” layihəsindən hasil olunan illik 9 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək nəhəng bir layihədir. Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac var. Sentyabr ayının sonuna kimi “Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclərindən 18,2 milyard ABŞ dolları, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə 4,3 milyard dollar sərf olunub.

Hazırda kəmər sistemləri Cənub Qaz Dəhlizi marşrutu üzrə Türkiyəyə təbii qaz nəql edir. Əlavə 10 milyard kubmetr qaz isə 2020-ci ildə Avropa bazarına çatdıracaq. “Şahdəniz” qazı 2 min 500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyə enərək 3 min 500 kilometr məsafə boyunca nəql ediləcək.

Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə iki yeni platforma, 26 qazma quyusu, sualtı avadanlıqlar, Səngəçal terminalının genişləndirilməsi və 500 kilometrlik sualtı boru kəmərləri daxildir.

Bu ilin əvvəlində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri mayın 29-da Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil olub. Bunun ardınca iyunun 30-da “Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başlayıb. “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.

İyulun 30-da yatağın şimal cinahındakı “SDC03Z” quyusunun ventili açılaraq “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda “Şahdəniz Bravo” qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunur.

Cari ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunun üst tamamlama işləri başa çatdırılıb. Bundan əlavə, “SDA04” və “SDA05” quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb.

İstiqlal qazma qurğusu yatağın şərq cinahında “SDG04” və “SDG02Z” quyularını tamamlayıb. “Maersk Explorer” qurğusu da şərq cinahda “SDH02” quyusunda qazma əməliyyatlarını davam etdirir.

Bu iki qurğu “Şahdəniz Bravo” platformasından hasilat üçün ümumilikdə 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq cinahında isə 2 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cari ilin doqquz ayında Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlər isə Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq iyunun 30-da başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib. Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir, CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır. Eyni zamanda, Azərbaycan ərazisində CQBKG-nin mexaniki tamamlanması işləri cədvəli qabaqlamaqla başa çatıb. Gürcüstanda ikinci kompressor stansiyasının istismar sınaqları plana uyğun irəliləyir. Həmin obyekt bütövlükdə tikinti mərhələsindən istismar sınaqları mərhələsinə keçib.

Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu il sentyabr ayının sonunadək “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin (“Şahdəniz-2”) işlənməsi üzrə avadanlıqlar və qurğular üzrə inkişaf 91,7 faiz olub. Həmçinin Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ümumi inkişaf 99,5 faiz təşkil edib, TANAP inşası üzrə işlərin 97,6 faizi icra olunub. TAP inşası üzrə isə işlərin 82 faizi tamamlanıb.

Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir. Bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© Azertag
Kateqoriya:
İnşaat və əmlak
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə