Təqvim
2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası
30 oktyabr 2018 - 17:10

2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir


 

 1. GİRİŞ

 

Əmək ehtiyatlarından daha səmərəli istifadə yolu ilə əhalinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006–2015-ci illər)” təsdiq edilmişdir. 

 

Sözügedən Məşğulluq Strategiyasının icrasının bir-birini tamamlayan iki mərhələdə reallaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli və 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli sərəncamları ilə 2007–2010-cu və 2011–2015-ci illər üzrə müvafiq dövlət proqramları təsdiq edilmiş və uğurla icra olunmuşdur.

 

Məşğulluq Strategiyasının icrası dövründə işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə, orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artmışdır. İşsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

 

Bununla yanaşı, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin olunması əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaş təşkilatların rəhbərləri səviyyəsində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmış, praktiki tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməsi məqsədilə işlənib hazırlanmış “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunu 2018-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

 

Respublikada əmək və məşğulluq hüquqlarının, sosial hüquqların təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə əldə olunan uğurları beynəlxalq təşkilatlar da yüksək qiymətləndirir. Belə ki, beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, 2017-ci ildə Azərbaycan dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının rəhbər orqanına üzv seçilmişdir.

 

Bu gün ölkənin perspektiv inkişaf hədəfləri məşğulluq sahəsində keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinə, layiqli iş yerlərinin yaradılmasına, məşğulluq sahəsində inklüzivliyin təmin olunmasına və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən, qarşıdakı illərdə icrası nəzərdə tutulan “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (bundan sonra – Strategiya) məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına imkan verən əmək bazarının tənzimlənməsinə dair qanunvericilik bazasının və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun davamlı aparılması, əmək standartlarının yenilənməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişafı məsələlərini özündə əks etdirməklə, məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin edəcəkdir.

 

Strategiyada müəyyən edilmiş hədəflərlə bağlı hüquqi çərçivə, xüsusilə də qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi və qarşısının alınması, qeyri-formal məşğulluğa nəzarət üzrə vahid elektron informasiya ehtiyatının, habelə vakansiya bankının yaradılması, peşə standartları üzrə minimum tələblərin müəyyən edilməsi, özünüməşğulluğun təşkili və digər məsələlər “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununda öz əksini tapmışdır.

 

Bu Strategiya Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006–2015-ci illər)”nın reallaşması nəticəsində əldə olunmuş nailiyyətləri və mövcud problemləri nəzərə almaqla, ölkənin mövcud demoqrafik inkişaf perspektivləri əsasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, “2016–2020-ci illər üzrə Azərbaycan üçün Layiqli Əmək Ölkə Proqramı” və digər sosialyönümlü dövlət proqramları və strategiyaları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının (BMT) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyaları və tövsiyələri, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (2030) ilə uzlaşdırılaraq, növbəti illərdə Azərbaycanda məşğulluq siyasətinin əsaslarını müəyyən edir.

 

 2. ƏMƏK BAZARINDA MÖVCUD VƏZİYYƏT VƏ İNKİŞAF MEYİLLƏRİ

 

2.1. Demoqrafik inkişaf və əmək ehtiyatları

 

Azərbaycan Respublikası demoqrafik baxımdan sabit inkişaf edən ölkə sayılır. 2006–2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olmuşdur ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir. Azərbaycanda əhalinin sayı 2018-ci ilin 1 yanvar tarixinə 9898,1 min nəfər olmuşdur. Ölkə əhalisinin 52,9 faizi şəhərlərdə, 47,1 faizi isə kəndlərdə yaşayır, əhalinin 50,1 faizini qadınlar təşkil edir.

 

BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaqdır.

 

Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunmuşdur ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcəkdir. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.

 

2017-ci ildə 15–64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olmuşdur. Proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir.

 

Əmək bazarına daxil olan 15–24 yaş arasında şəxslərin sayında azalma meyilinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda 15–24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olmuşdursa, 2025-ci ildə bunun hazırkı saydan 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır.

 

2.2. Məşğulluq, işsizlik və əmək məhsuldarlığı göstəriciləri

 

Ölkədə son 14 ildə 1,96 milyon yeni iş yeri yaradılmışdır ki, bunun da 73,3 faizi daimi iş yerləridir. Bununla yanaşı, yeni yaradılmış iş yerlərinin 70 faizdən çoxu regionların, mütləq əksəriyyəti qeyri-neft sektorunun (tikinti, ticarət-xidmət, emal sənayesi, nəqliyyat və s.) payına düşür.

 

2017-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artaraq 5073,8 min nəfərə çatmış, onun da 4822,1 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 251,7 min nəfərini isə işsiz əhali təşkil etmişdir. 15 və 15-dən yuxarı yaşda əhalinin sayında məşğul əhalinin payı 2017-ci ildə 62,9 faiz olmuş, iqtisadi fəal əhalinin 32,7 faizi ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil səviyyələrinə malik olmuşdur.

 

2005–2017-ci illər ərzində iqtisadiyyatda muzdla işləyənlərin sayı 20,7 faiz artaraq 1525,0 min nəfərə çatmış, yəni ümumi məşğul əhalinin 31,6 faizinə bərabər olmuşdur.

 

İşsizlər arasında qadınların və gənclərin payının yüksək olması əmək bazarında müşahidə edilən əsas problemlərdəndir.

 

Son on ildə 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi nisbətən azalaraq 2017-ci ildə 12,9 faiz (qadınlar arasında 14,9 faiz) təşkil etmişdir və bu, ölkə üzrə orta göstəricidən 2,6 dəfə çoxdur. 15-29 yaşlı gənclər arasında isə bu göstərici 2017-ci ildə 9,2 faiz (qadınlar arasında 11,0 faiz), yəni ölkə üzrə orta göstəricidən 1,8 dəfə çox olmuşdur.

 

Azərbaycanın iqtisadi inkişafı son illərdə ölkəmizi xarici işçi qüvvəsi üçün cəlbedici etmişdir və ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən xarici işçi qüvvəsinin sayı artmaqdadır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasında əmək miqrasiyası sahəsində dövlət siyasətinin əsas vəzifələrindən biri daxili əmək bazarını qorumaq, milli işçi qüvvəsinin potensialından maksimum yararlanmaq üçün ixtisassız xarici işçi qüvvəsindən istifadə etməkdir. Bu məqsədlə ölkədə 2010-cu ildən etibarən iqtisadi sahələr üzrə əmək miqrasiyası kvotası tətbiq olunur. Kvotanın tətbiqi, ilk növbədə, investorların ixtisaslı kadrları cəlb etməsinə, o cümlədən daxili əmək resurslarından istifadəyə, onların ixtisasının artırılmasına yönəldilmişdir.

 

Azərbaycanda son illərdə ÜDM-in davamlı artımı nəticəsində əmək məhsuldarlığı (1 adam/saat) üzrə göstərici yüksəlmiş və 2006-cı ildə cari qiymətlərlə 2,35 manatdan (2,6 ABŞ dollarından), 2017-ci ildə 7,59 manata (4,4 ABŞ dollarına) çatmışdır. 2006–2013-cü illər ərzində əmək məhsuldarlığı cari qiymətlərlə ABŞ dolları ifadəsində artmış, 2014–2016-cı illərdə azalmış, 2017-ci ildən yenidən artmağa başlamışdır. İqtisadi fəaliyyət növləri arasında əmək məhsuldarlığı göstəricilərində ciddi fərqlər movcuddur. Belə ki, 2016-cı ildə mədənçıxarma sənayesi üzrə əmək məhsuldarlığı göstəricisi cari qiymətlərlə 257,7 manat (161,4 ABŞ dolları) olduğu halda, kənd təsərrüfatı üzrə bu göstərici 1,03 manata (0,6 ABŞ dolları), emal sənayesi üzrə 6,3 manata (3,9 ABŞ dolları), tikinti sahəsi üzrə isə 9,4 manata (5,8 ABŞ dollarına) bərabər olmuşdur. Kənd təsərrüfatında əmək məhsuldarlığı səviyyəsinin aşağı olması bu sahədə intensiv üsullardan, innovasiya və məsləhət xidmətlərindən zəif istifadə edilməsi, eləcə də işçi qüvvəsinin əksəriyyətinin ixtisassız olması ilə əlaqələndirilir. Digər tərəfdən, qeyd olunan sahələrdə mütəmadi hesablamalar aparılması üçün əmək məhsuldarlığı üzrə uçot sisteminin təkmilləşdirilməsinə zərurət yaranır.

 

Bununla yanaşı, əmək bazarının tələbləri əsasında peşə təhsili sisteminin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir. Ölkədə peşə təhsili sisteminin inkişaf etdirilməsi, təhsil və əmək bazarı arasında kəmiyyət, keyfiyyət və gözləntilər baxımından mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmiş, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır.

 

Bu gün Azərbaycanda əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi, əmək bazarının və davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, bütövlükdə əmək bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyin artırılması sahəsində məsələlərin həlli beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən peşə və ixtisas (kvalifikasiya) standartlarının, onların əsasında isə təlim, təhsil və tədris proqramlarının hazırlanması və tətbiqi vasitəsilə həyata keçirilir. Səriştələr əsasında hazırlanmış peşə standartlarının tətbiqi milli işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas alətdir.

 

Respublikada əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi və gələcək meyillərin müəyyən olunması üçün məlumatlara əsaslanan proqnoz sistemi (əhalinin iqtisadi fəallığının müayinəsi, ev təsərrüfatlarının müayinəsi), ekspert rəyləri və hesablamaları əsasında keyfiyyət analizi, ali, orta ixtisas və peşə təhsili məzunları arasında mütəmadi sorğuların keçirilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi nəticəsində müvafiq səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasında Əmək Bazarı üzrə Milli Observatoriyanın yaradılması imkanları nəzərdən keçiriləcəkdir.

 

3. STRATEGİYANIN MƏQSƏDİ, ƏSAS İSTİQAMƏTLƏRİ VƏ HƏDƏFLƏRİ

 

3.1. Strategiyanın məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.

 

3.2. Strategiyanın aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulur:

 

3.2.1. məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi;

 

3.2.2. əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi;

 

3.2.3. işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi;

 

3.2.4. aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi;

 

3.2.5. sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması;

 

3.2.6. əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi.

 

3.3. Strategiyanın həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan hədəflər

 

Sıra №-si

Hədəf

Baza göstəricisi və baza ili

 

1

2

3

3.3.1.

İqtisadiyyatda rəsmiişləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq

qeyri-kənd təsərrüfatı sahəsində muzdla işləyənlərin nisbəti –

48,1 faiz; 2017-ci il

3.3.2.

işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək

işsizlik səviyyəsi – 5 faiz; qadınlar arasında – 5,9 faiz; gənclər (15–24 yaş) arasında –12,9 faiz; gənclər (15–29 yaş) arasında – 9,2 faiz; 2017-ci il

3.3.3.

əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15 faizə endirmək

əmək bazarında və ya təhsildə olmayan gənclərin (15–24 yaş) xüsusi çəkisi – 23 faiz; 2017-ci il

3.3.4.

yüksək  əlavə dəyər yaradan  və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə, iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və 2030-cu ilədək əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaq

1 adam/saat üçün cari qiymətlərlə – 4,4 ABŞ dolları; 2017-ci il

3.3.5.

2025-ci ilədək bütün əhali qrupları (xüsusilə  gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq

minimum əməkhaqqının muzdla çalışan işçilərin orta aylıq əməkhaqqına nisbəti – 22 faiz; 2017-ci il

minimum əməkhaqqının yaşayış minimumuna nisbəti - 75 faiz;

2017-ci il

3.3.6.

2020-ci ilədək aktiv əmək bazarı proqramlarına ayrılan vəsaitin ÜDM-ə nisbətini 0,1 faizə çatdırmaq

   0,01 faiz; 2017-ci il

3.3.7.

dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların işədüzəlmə səviyyəsini 2030-cu ilədək 70 faizə çatdırmaq

40 faiz;  2017-cı il

3.3.8.

işlə təmin olunmaq üçün dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların ən azı 20 faizini 2030-cu ilədək peşə hazırlığına cəlb etmək

3 faiz; 2017-ci il

3.3.9.

2025-ci ilədək bütün məşğulluq orqanlarının yeni xidmət modeli əsasında fəaliyyət göstərməsini təmin etmək

3 məşğulluq orqanı;

 2017-ci il

3.3.10.

regional peşə tədrisi mərkəzlərinin sayını 2030-cu ilədək 10-a çatdırmaq

3 regional peşə tədrisi mərkəzi; 2017-ci il

3.3.11.

özünüməşğulluq proqramının əhatə dairəsini 2020-ci ilədək 6 dəfəyə qədər artırmaq

1400 ev təsərrüfatı; 2017-ci il

3.3.12.

2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarını hazırlamaq, onların müntəzəm yenilənməsi mexanizmini yaratmaq və peşə təhsilində bütün kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olmaq

300 peşə standartı; 2017-ci il

3.3.13.

2025-ci ilədək qeyri-formal və informal təhsil vasitəsilə əldə edilən səriştələrin tanınması sistemini formalaşdırmaq

sistemin yaradılması üzrə işlərə başlanılmışdır; 2017-ci il

 

4. STRATEGİYANIN PRİORİTET İSTİQAMƏTLƏRİ

 

4.1. Məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi

 

Məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi və iqtisadiyyatın sektorları üzrə məşğulluğun artırılması ilə bağlı tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası çərçivəsində nəzərdə tutulmuşdur.

 

4.2. Əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi

 

Əmək bazarında baş verən sürətli dəyişikliklərə hazır olmaq üçün çevik siyasətin həyata keçirilməsini təmin edən qanunvericilik bazasının mövcudluğu və müasir standartlara cavab verən institusional strukturun yaradılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan aşağıdakı prioritetlər müəyyən edilmişdir:

 

4.2.1. Azərbaycanda işsizlikdən sığorta ilə bağlı qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və institusional sistemin yaradılması;

 

4.2.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, peşə standartlarının hazırlanması və tətbiqi, işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, bacarıqların inkişafı, virtual müəssisələrin (təcrübə müəssisələrinin) yaradılması, peşəyönümü sisteminin daha səmərəli təşkili, səriştəəsaslı modul təlimin və iş yerində təlimin təşviqi, ömürboyu təhsil üzrə milli kvalifikasiya sisteminin formalaşdırılması, qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş səriştələrin tanınması, əlilliyi olan şəxslərin məşğulluğu, əmək standartlarının yüksəldilməsi, əməkçi miqrantların sosial müdafiəsinin gücləndirilməsi, ikili peşə təhsili sisteminin (“dual study”) tətbiqi kimi məsələlər baxımından təkmilləşdirilməsi;

 

4.2.3. əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi sisteminin təkmilləşdirilməsi;

 

4.2.4. işəgötürənlərin kadr hazırlığında iştirakını stimullaşdırmaq üçün müvafiq normativ hüquqi bazanın və iqtisadi həvəsləndirmə mexanizmlərinin yaradılması;

 

4.2.5. iş yerlərində əmək standartları üzrə minimum normaların (tələblərin) təmin edilməsinə nəzarətin artırılması;

 

4.2.6. iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi;

 

4.2.7. əmək bazarı üzrə institusional strukturun əhatə dairəsinin və səmərəliliyinin artırılması:

 

1. “DOST” mərkəzləri çərçivəsində məşğulluq xidmətləri ilə bağlı müasir standartlara uyğun yeni xidmət modelinin tətbiqi;

 

2. işəgötürənlərlə məşğulluq orqanları arasında səmərəli əlaqənin təşkili mexanizmlərinin hazırlanması;

 

3. aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması;

 

4. məşğulluq orqanlarında peşəyönümü tədbirlərinin, iş klublarının, virtual müəssisələrin (təcrübə müəssisələrinin), səyyar əmək yarmarkalarının və qisamüddətli peşə hazırlığı kurslarının təşkili;

 

5. əlilliyi olan şəxslərə xüsusi məşğulluq xidmətlərinin təqdim edilməsi üçün müvafiq infrastrukturun yaradılması və peşə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi;

 

6. məşğulluq orqanlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə onların, o cümlədən rəhbər və mütəxəssislərin fəaliyyətinin keyfiyyət və səmərəliliyini qiymətləndirmə sisteminin yaradılması;

 

7. peşə təhsili müəssisələrinin, o cümlədən işsiz və işaxtaran vətəndaşlar üçün regional peşə tədrisi mərkəzləri şəbəkəsinin genişləndirilməsi.

 

4.3. İşçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi

 

Qloballaşma, yeni iş yerlərinin yaradılması, müasir istehsal və idarəetmə texnologiyaların tətbiqi, əmək şəraitinin müasirləşdirilməsi yüksək peşə bacarığı (səriştəsi) olan işçi qüvvəsinə ehtiyacı artırır, təhsil, təlim və bacarıqların inkişaf etdirilməsi sahəsində çevik dövlət siyasətinin həyata keçirilməsi zəruriliyini şərtləndirir. Bu baxımdan aşağıdakı prioritetlər müəyyən edilmişdir:

 

4.3.1. məşğul əhalinin rəqabətqabiliyyətliliyini və əmək məhsuldarlığını artırmaq məqsədilə bacarıqların inkişaf etdirilməsi üçün şərait yaradılması;

 

4.3.2. qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş səriştələrin tanınması, işçi qüvvəsinin sertifikasiyası sisteminin qurulması;

 

4.3.3. ömürboyu təhsil üzrə nəticəəsaslı milli kvalifikasiya sisteminin formalaşdırılması, o cümlədən yaşlıların təhsili üçün peşə təlimi və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;

 

4.3.4. əmək bazarının tələblərini əks etdirən peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi mexanizmlərinin yaradılması, o cümlədən iqtisadiyyatın əsas sahələri üzrə səriştələrin qruplaşdırılması;

 

4.3.5. əmək bazarının tələblərini əks etdirən peşə standartları əsasında səriştəyönümlü tədris proqramlarının və təlim materiallarının hazırlanmasının dəstəklənməsi;

 

4.3.6. əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədilə peşə təhsili (ilk peşə-ixtisas, orta ixtisas və ali) sisteminin təkmilləşdirilməsi;

 

4.3.7. iş yerində təlim, ikili peşə təhsili sisteminin (“dual study”) təşkili mexanizmlərinin hazırlanması və tətbiqi.

 

4.4. Aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi

 

Əmək bazarında baş verən proseslərə çevik uyğunlaşmaq və inklüziv məşğulluğu təmin etmək məqsədilə əsas istifadə olunan vasitələrdən biri məqsədli aktiv məşğulluq tədbirləridir. Bu baxımdan, növbəti illərdə belə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması böyük əhəmiyyət kəsb edir. Məqsədli aktiv tədbirlər ilk növbədə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşları əhatə edəcəkdir. Bu sahədə aşağıdakı prioritetlər müəyyən edilmişdir:

 

4.4.1. aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin və səmərəliliyinin artırılması məqsədilə potensialın gücləndirilməsi;

 

4.4.2. gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını gücləndirmək məqsədilə karyera (peşə) - məsləhət və karyera - planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılması;

 

4.4.3. əməkqabiliyyətli əhalinin dövlət büdcəsi vəsaiti hesabına sosial yardımlardan və müavinətlərdən asılılığını azaltmaq məqsədilə passiv sosial müdafiədən (ünvanli dövlət sosial yardimı) aktiv sosial müdafiəyə (əmək bazarına inteqrasiya) keçidi təmin edən özünüməşğulluq və ailə təsərrüfatlarının yaradılmasına dəstək tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi;

 

4.4.4. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına adaptasiyası üçün peşə hazırlığının, o cümlədən səriştəyönümlü modul təlimin tətbiqinin genişləndirilməsi, onlar üçün kvota sisteminin müasir tələblərə uyğunlaşdırılması;

 

4.4.5. işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi;

 

4.4.6. iş klubları və əmək yarmarkalarının əhatə dairəsinin genişləndirilməsi və təşkilinin təkmilləşdirilməsi, “virtual müəssisələr” (təcrübə müəssisələri), “öz biznesinə başla” tədbirlərinin əlaqələndirilməsi və güzəştli maliyyə xidmətlərindən istifadə imkanlarının artırılması;

 

4.4.7. müasir standartlara və regional əmək bazarının tələblərinə uyğun yeni aktiv məşğulluq tədbirlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi.

 

4.5. Sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması

 

Əhalinin sosial müdafiəsinin gücləndirilməsində, məşğulluq səviyyəsinin artırılmasında, layiqli əməyin təmin edilməsində və işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsində sosial dialoq və tərəfdaşlıq həlledici rol oynayır. Buna görə də işsiz, işaxtaran və məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün sosial dialoqun inkişaf etdirilməsi əsas məqsədlərdən biri olmaqla, daim diqqət mərkəzində saxlanılacaqdır. Bu məqsədlə aşağıdakı prioritetlər müəyyən edilmişdir:

 

4.5.1. milli səviyyədə üçtərəfli sosial dialoq üzrə institusional sistemin təkmilləşdirilməsi, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması;

 

4.5.2. Baş Kollektiv Sazişin, sahə səviyyəsində kollektiv sazişlərin və müəssisə səviyyəsində kollektiv müqavilələrin bağlanması və onların icrasının gücləndirilməsi, bu sənədlərdə inklüziv məşğulluğun təmin edilməsi, peşə təhsili və peşə hazırlığı, iş yerində təlim, peşə standartları, sosial müdafiə (əmək standartları) kimi məsələlərə xüsusi diqqət yetirilməsi;

 

4.5.3. əhalinin məşğulluğunun təmin olunmasında və aktiv tədbirlərin həyata keçirilməsində sosial tərəfdaşlıq prinsiplərinin təkmilləşdirilməsi;

 

4.5.4. korporativ sosial məsuliyyətin inkişafının stimullaşdırılması;

 

4.5.5. peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi və stimullaşdırılması;

 

4.5.6. qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin (iqtisadi, hüquqi və inzibati) həyata keçirilməsi.

 

4.6. Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi

 

Əmək bazarı və məşğulluq sahəsində səmərəli siyasətin həyata keçirilməsi, tələblə təklif arasında tarazlığın təmin edilməsi, o cümlədən təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün monitorinq və proqnozlaşdırma böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə aşağıdakı prioritetlər müəyyən edilmişdir:

 

4.6.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vakansiya bankının təkmilləşdirilməsi və əhatə dairəsinin artırılması;

 

4.6.2. aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üçün monitorinq sisteminin yaradılması;

 

4.6.3. əhalinin iqtisadi fəallığına dair rüblük seçmə statistik tədqiqatın aparılması, ləğv olunmuş iş yerləri, əmək bazarında daha çox tələb olunan bilik və bacarıqların müəyyənləşdirilməsi, kənd yerlərində məşğulluğun strukturunun kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı sahələri üzrə öyrənilməsi, qeyri-rəsmi məşğulluq, xarici işçi qüvvəsinin əmək bazarında iştirakı, təhsil müəssisələri məzunlarının əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi, əmək standartlarının təkmilləşdirilməsi kimi araşdırmaların aparılması, onların həyata keçirilmə mexanizminin təkmilləşdirilməsi, əldə edilən nəticələrdən əmək bazarı və məşğulluq siyasətinin hazırlanması, eləcə də qərar qəbuletmə prosesində araşdırmaların nəticələrindən istifadə edilməsi üçün müvafiq sistemin formalaşdırılması;

 

4.6.4. dövlət sərmayələrinin yeni iş yerlərinin yaradılmasına təsirinin qiymətləndirilməsi sisteminin yaradılması;

 

4.6.5. əmək məhsuldarlığının qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi;

 

4.6.6. əmək bazarının təhlili və ixtisaslı kadrlara, həmçinin müxtəlif bacarıqlara ehtiyacın müəyyənləşdirilməsinə imkan verən monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılması.

 

5. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

 

5.1. Strategiya aşağıdakı nəticələrin əldə olunmasını təmin edəcəkdir:

 

5.1.1. əmək bazarında baş verən proseslərə uyğun çevik institusional sistem formalaşacaq;

 

5.1.2. əhalinin məşğulluq və layiqli iş imkanları genişlənəcək;

 

5.1.3. inklüziv məşğulluq təmin ediləcək;

 

5.1.4. təhsil sisteminin əmək bazarı ilə uyğunluğu təmin ediləcək;

 

5.1.5. məşğulluq ilə sosial müdafiə arasında əlaqə güclənəcək.

 

6. STRATEGİYANIN HƏYATA KEÇİRİLMƏSİ, MONİTORİNQİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

 

6.1. Strategiyanın uğurla həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvür yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən işlək icra mexanizminin formalaşdırılmasıdır.

 

6.2. Tədbirlər planı: 2019–2030-cu illəri əhatə edən Strategiya bir-birini tamamlayan iki mərhələdə reallaşdırılacaq və hər bir mərhələ üçün Strategiyanın həyata keçirilməsinə dair Tədbirlər Planını Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcəkdir.

 

6.3. Məlumatın yayılması: Strategiya ilə bağlı bütün məlumatlar əhaliyə, işəgötürənlərə, peşəkarlara və beynəlxalq təşkilatların təmsilçilərinə operativ müzakirəyə imkan verən innovativ vasitələrlə çatdırılacaqdır. Bu məqsədlə elektron vasitələrin imkanlarından geniş istifadə ediləcəkdir.

 

6.4. Strategiyanın həyata keçirilməsində aşağıdakı strateji prinsiplər nəzərə alınacaqdır:

 

6.4.1. hərtərəfli və məqsədli yanaşma: Strategiya hərtərəfli və məqsədli yanaşmanı əsas götürməklə müəyyənləşdirilmiş məqsəd, hədəf, prioritet və tədbirlər arasında əlaqənin təmin edilməsini nəzərdə tutur. Həyata keçiriləcək tədbirlər kompleks yanaşma əsasında mövcud potensialın inkişaf etdirilməsi, texnoloji innovasiyaların tətbiqi, keyfiyyətli idarəetmənin təmin olunması və infrastrukturun təkmilləşdirilməsi məsələlərinə xüsusi önəm verəcəkdir;

6.4.2. bərabər imkanlar və inklüziv məşğulluq: Strategiya bütün qruplar, əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları (gənclər, qadınlar və əlilliyi olan şəxslər əhatə edilməklə) üçün ölkənin hər yerində bərabər və inklüziv məşğulluq imkanlarının yaradılmasını əsas götürür;

6.4.3. işsizlikdən etibarlı müdafiə: bacarıqların inkişaf etdirilməsi, qeyri-formal və informal təhsil vasitəsilə əldə edilmiş səriştələrin tanınması, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması işsizlikdən müdafiə üçün əsas vasitə kimi nəzərə alınacaqdır;

6.4.4. həvəsləndirmə yanaşması: Strategiyanın icrasında işəgötürənlər və işçilərlə münasibətdə inzibati yanaşmadan daha çox həvəsləndirmə yanaşmasına üstünlük veriləcəkdir;

6.4.5. əlavə xərc yaradılmaması: işəgötürənlərin və işçilərin rəqabətqabiliyyətliliyinin təmin edilməsi ilə bağlı yeni siyasət tədbirlərinin icrası zamanı onlar üçün əlavə xərclərin yaradılmaması əsas götürüləcəkdir;

6.4.6. sosial tərəfdaşlıq: Strategiyanın icrasına bütün maraqlı tərəflər cəlb olunacaq və onların imkanlarından maksimum istifadə ediləcəkdir;

6.4.7. özəl sektorla dövlət sektorunun əməkdaşlığı: məşğulluğun təmin edilməsində və əmək bazarının inkişaf etdirilməsində özəl sektorla dövlət sektorunun əməkdaşlıq imkanlarından maksimum yararlanmağa səy göstəriləcəkdir;

6.4.8. ətraf mühitin mühafizəsi və “yaşıl” iş yerləri: yeni iş yerlərinin yaradılmasında ətraf mühitin qorunmasına xüsusi diqqət yetiriləcək və “yaşıl” iş yerlərinin yaradılmasına üstünlük veriləcəkdir.

6.5. Maraqlı tərəflərlə məsləhətləşmələr: Strategiyanın icrası və icrasının qiymətləndirilməsi prosesinə maraqlı tərəflər, o cümlədən sosial tərəfdaşlar və qeyri-hökumət təşkilatları cəlb ediləcəkdir. Bu Strategiyanın məqsədləri, məzmunu və icrası müddətində əldə edilmiş nəticələr kütləvi informasiya vasitələri ilə və digər vasitələrlə ictimaiyyətə çatdırılacaqdır.

6.6. Strategiyanın monitorinqi və qiymətləndirilməsi: icranın səmərəliliyini və effektivliyini təmin etmək üçün Strategiyanın monitorinqi və qiymətləndirilməsi həyata keçiriləcəkdir. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına və gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır. Monitorinq və qiymətləndirmə beynəlxalq və yerli təcrübəyə əsaslanaraq hazırlanmış metodoloji çərçivə əsasında aparılacaqdır.

Əlaqələndirici orqan əsas icraçılardan hesabatları toplayaraq, ümumiləşdirilmiş hesabatı Strategiyanın monitorinqini və qiymətləndirilməsini həyata keçirən quruma təqdim edir. Monitorinq və qiymətləndirməni aparan qurum təqdim edilmiş hesabatı, habelə zəruri saydığı hallarda digər aidiyyəti mənbələrdən əldə edilmiş məlumatları təhlil edərək, monitorinq və qiymətləndirmə hesabatını hazırlayır və müəyyən olunmuş qaydada əlaqələndirici orqana təqdim edir.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
TURİZM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə