Ukraynanın ruslar tərəfindən müvəqqəti işğal olunmuş Mariupol şəhərində 10300-ə yaxın yeni məzar tapılıb. Bu barədə “The Associated Press” peykdən çəkilmiş görüntülərə istinadən xəbər verir. Onların əksəriyyəti Starıy Krımdakı qəbiristanlıqda yerləşir. Məlumatda deyilir ki, martın əvvəlindən dəfn yerlərinin əhəmiyyətli dərəcədə genişlənməsi qeydə alınıb. İndi məzarlıqların ümumi sahəsi 51,5 min kvadratmetrdən çoxdur. Agentliyin jurnalistləri dronlardan istifadə edərək araşdırma aparıblar. Bu zaman işğalçı rusların ağır texnilkarla uzun xəndəklər qazdığı müşahidə olunub. İndi qəbirlər torpaq kurqanlarına bənzəyir. Onların bəzilərində adları və tarixləri olan taxta xaçlar olsa da, əksəriyyəti üzərində əllə yazılmış rəqəmlər olan kiçik lövhələrlə işarələnib. Bəzi qəbirlərin üzərində eyni vaxtda bir neçə rəqəm var ki, bu da qalıqların daha çox olduğunu göstərir.
Bütün hüquqlar qorunur © 2023